Gənclər və İdman Nazirliyində ötən ilin yekunları və gələcək planlar müzakirə olunub

“Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi 2023-cü il ərzində öz işini təsdiq olunmuş İş Planı, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, aktual məsələlər və perspektivlər üzərində qurmuş, müxtəlif tədbirlər, layihələr icra etmişdir. Hesabat ili ərzində nazirlik tərəfindən 222-si gənclərlə iş, 144-ü idman sahəsində olmaqla, ümumilikdə 366 tədbir keçirilib. İdmançılarımız ölkəmizin, eləcə də Türkiyə, Gürcüstan, İtaliya, Rumıniya, Albaniyanın müxtəlif şəhərlərində keçirilən 10-dan çox beynəlxalq və dünya səviyyəli yarışlarda iştirak edib, uğurlu nəticələrə nail olublar. Belə ki, təmsilçilərimiz 2023-cü ilin ötən dövrü ərzində ölkəmiqyaslı yarışlarda 153, beynəlxalq turnirlərdə 62, Avropa çempionatlarında 6, dünya çempionatlarında 4 olmaqla, ümumilikdə 225 medal qazanılıb. Medallardan 67-si qızıl, 67-si gümüş, 91-i isə bürüncdür. Onların arasında bir dünya çempionu və bir Avropa çempionu var”.  Bu sözləri nazir səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov nazirliyin kollegiya iclasındakı geniş məruzəsi zamanı səsləndirib.

Çıxışında ötən il görülən işlər və əldə olunan uğurlardan bəhs edən nazir deyib ki, gənclərin hərtərəfli inkişafı, sağlam həyat tərzinə cəlbi, asudə vaxtının səmərəli təşkili, onlar üçün yeni iş və karyera imkanlarının yaradılması üçün davamlı olaraq müxtəlif tədbirlər, layihələr icra olundu. Şəxsi inkişaf, karyera, təhsil, tarixi həqiqətlərin öyrənilməsi, ailə dəyərləri, milli-mənəvi dəyərlər, psixologiya, motivasiya yönündə, eləcə də məşqçi, hakim, idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı yerli, eləcə də Bakıdan dəvət olunmuş tanınmış mütəxəssislərin iştirakı ilə 40-a yaxın təlim, seminar və kurs keçirilib. Gənclərin ölkəmizin müxtəlif regionlarda təşkil olunan festival və düşərgələrdə, eləcə də əməkdaşlarımızla birgə xaricdə mübadilə proqramlarında iştirakına dəstək göstərildi. Xüsusilə qeyd etmək lazımdır ki, Qubada keçirilən “Poliqon” gənclərin hərbi vətənpərvərlik düşərgəsinə ilk dəfə olaraq rekord heyətlə - 60 nəfərlə qatıldıq. Ağbulaq İstirahət Mərkəzində gənclərin yay və qış məqktəbləri reallaşdı. Naxçıvan gənclərinin ölkə üzrə qrant müsabiqələrində qalib gəldiyi layihələr uğurla gerçəkləşdi. Tələbə gənclər təşkilatlarının işinin təkmilləşdirilməsi və onlar arasında şəbəkəli fəaliyyətin təmin olunmasına dəstək artırıldı. Könüllülərlə iş sahəsində aktiv fəaliyyətimiz ötən ili də əhatə etdi. Könüllülər muxtar respublikanın ictimai-mədəni həyatında, irihəcmli layihələrdə yaxından iştirak etmiş, eləcə də ölkəmizdən Türkiyədəki zəlzələ bölgəsinə gedən humanitar heyətdə  “Naxçıvan Könüllüləri” qrupunun fəallığı cəmiyyətdə böyük təqdirlə qarşılanıb.

Gənc nəslin Vətənə məhəbbət, dövlətə sədaqət ruhunda tərbiyəsi, onlar arasında milli mənəvi dəyərlərə bağlılıq yaradılması, tariximizin öyrənilməsi, o cümlədən təbiətə və ətraf mühitə qayğı vərdişlərinin formalaşması istiqamətində işlər görülüb. Muxtar respublika, rayon, şəhər miqyasında yaradıcılıq müsabiqələri, ekoloji təmizlik aksiyaları, hərbi-vətənpərvərlik tədbirləri, intellektual oyunlar, vətənpərvərlik motivli film nümayişləri, kitab müzakirələri, ekskursiyalar və şəhidlərimizin xatirə turnirləri, “Heydər Əliyev İli” və əlamətdar tarixi günlərlə ilə əlaqadər müxtəlif tədbirlər keçirilib. Hər ay müxtəlif bölgələrdə qrafik üzrə minimum 3-4 şəhid ailəsi gənclərlə birgə ziyarət olunub, şəhidlərimizin xatirəsini bu və digər formatda davamlı olaraq yad edilib, onların qəhrəmanlıq yolu gənc nəsilə aşılanıb. Müharibə iştirakçıları və qazilərimizlə görüşlər keçirilib, onların müxtəlif tədbirlərdə yaxından iştirakı təmin edilib. Hərbi vətənpərvərlik istiqamətində atılan addımların nəticələrindən biri kimi Ordubad məktəblilərinin "Sərhəd" hərbi-idman oyunu üzrə Azərbaycan birinciliyinin qalibi olması vurğulanıb. Əlavə edilib ki, ötən il gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində aparılan işlərin və xidmətlərin keyfiyyətini artırmaq məqsədilə onlayn sorğular keçirilib, nəticələri təhlil olunaraq həmin istiqamətlər üzrə fəaliyyətlər icra olunub. 2023-cü il ərzində müxtəlif sahələrdə fərqlənən muxtar respublika gəncləri, o cümlədən gənclər və idman sahəsinin inkişafında, təbliğində xidmətləri olan insanlar mükafatlandırılıb. Bununla yanaşı, əlamətdar günlərdə gənclərimizlə, eləcə də hər ay uğur qazanmış idmançılarla görüşlər keçirilir, onlar nazirlik tərəfindən təltif olunurlar.

Məcid Seyidov bədən tərbiyəsi və idman sahəsində görülən işlər barədə də danışıb. Qeyd olunub ki, nazirliyin bu sahədə həyata keçirdiyi tədbirlərdən 54-ü müxtəlif idman növlərini əhatə edən muxtar respublika birincilikləridir. Bundan əlavə, idmançıların fiziki-mənəvi, peşəkar hazırlığının yüksəldilməsi, onların ölkə çempionatları və birinciliklərində iştirakına dəstəyin artırılması, əhalinin sağlam həyat tərzinə cəlbi və idman yarışlarında iştirakı, idmanda sahibkarlıq fəaliyyətinin təşviqi və dəstəklənməsi, ictimaiyyətin idmanla bağlı təşkilati-hüquqi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirilib.

Əlavə olunub ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə Faiq İsgəndərov “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına, Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rəşad Heydərov Avropanın ali futbol qurumu – UEFA-ya məxsus “C” kateqoriyalı məşqçi adına, şahmatçımız Sadiq Məmmədov isə Beynəlxalq Şahmat Federasiyası tərəfindən beynəlxalq usta adına layiq görülüb. Digər şahmatçımız Seyid Hüseyn isə İtaliyada keçirilən yeniyetmələrin dünya çempionatında milli komandamızın heyətində ölkəmizi təmsil etməyin qürurunu yaşayıb. I Divizionda növbəti çempionluğa nail olan "Araz-Naxçıvan" PFK hazırda ölkənin əsas liqasında uğurla çıxış etməkdədir. Şərurun "Arpaçay" klubu isə tarixində ilk dəfə olaraq ötən mövsüm AFFA Region Liqasının bürünc medallarını qazanıb.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli, Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyevin və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru Faiq İsgəndərov illik fəaliyyət hesabatlarını diqqətə çatdırıblar. Nazirliyin aparat rəhbəri İlhamə Nəzərova gələcək perspektivdə həyata keçiriləcək fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini diqqətə çatdırıb. Gündəlikdə duran məsələlərlə bağlı hazırlanmış qərar layihəsi oxunub və kollegiya üzvlərinin səs çoxluğu ilə təsdiq olunub. 

Nazirliyin üzərinə düşən vəzifələr və gələcək planlar barədə danışan Məcid Seyidov bildirib ki, “2024-cü ildə muxtar respublikamızın sosial-iqtisadi həyatı üçün əlamətdarlıq, dinamika, yenilik və məhsuldarlıq baxımından yüksək gözləntilər var. Bu gözləntilər arasında gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların mənəvi-ideoloji hazırlığı, şəxsi və peşəkar inkişafı, əhalinin sağlam həyat tərzinə cəlbi, idman infrastruktrunun gücləndirilməsi və təmsil olunduğumuz sahəni əhatə edən digər işlərin icrası da var. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun işlər davam etdiriləcək. Bu il həm də muxtar respublikamızın 100 illik yubileyinin təmsil olunduğumuz sahələrdə yüksək səviyyədə qeyd edilməsi üçün tədbirlər planı hazırlamışıq.”

Gözləntiləri qarşılamaq üçün davamlı olaraq çalışmalı, tələb və tapşırıqların vaxtında icrasına, problemlərin operativ həllinə xüsusi önəm verməli olduqlarını ifadə edən nazir müavini kollektivə müraciətində deyib ki, nazirlik qarşıdakı dövrdə də işləri günün tələbləri səviyyəsində qurmağa çalışmalı, gənclərlə iş və idman sahəsində xidmət səviyyəsini, o cümlədən tədbirlərin keyfiyyətini daha da yüksəltməlidir. Kollektivə gələcək fəaliyyətində uğurlar arzulanıb.

Qeyd edək ki, kollegiya iclasında Gənclər və İdman Nazirliyi Aparatının, nazirliyin strukturuna daxil olan idarələrin, o cümlədən tabeliyində olan təşkilatların rəhbər və əməkdaşları, eləcə də idman federasiyalarının nümayəndələri iştirak ediblər.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti